ELM VƏ TƏHSİL
Azərbaycanlı botaniklər beynəlxalq konfransda çıxış ediblər
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya üzrə elmlər doktoru Naibə Mehdiyeva və aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Rəna Abdıyeva Sankt-Peterburqda keçirilən “Bioloji müxtəliflik. Bitki introduksiyası” mövzusunda VI beynəlxalq konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə N.Mehdiyeva “Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyi”, R.Abdıyeva isə “Azərbaycanın endemik, nadir və nəsli kəsilməkdə olan növlərinin biomüxtəlifliyi, qorunması və introduksiyası” mövzularında məruzə ilə çıxış ediblər. Həmçinin azərbaycanlı alimlər tərəfindən “Azərbaycanın nadir növü “Ophrys caucasica Woronow ex Grossh” bitkisinin ontogenetik strukturu və senopopulyasiyalarının qiymətləndirilməsi” mövzusunda poster də təqdim olunub.
Səfər zamanı azərbaycanlı alimlər Rusiya Elmlər Akademiyası V.L.Komarov adına Botanika İnstitutunun Herbari Fondunda müxtəlif invaziv növlərin herbari nümunələri ilə tanış olublar. Eyni zamanda, AMEA Mərkəzi Nəbatat bağında dərman bitkilərindən ibarət sahənin yaradılması və introduksiyası məqsədilə Böyük Pyotr adına Botanika bağının aparıcı mütəxəssisləri ilə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.