SİYASƏT


Azərbaycanlı deputat AŞPA-nı Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıb

Strasburq, 30 iyun, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iyunun 30-da keçirilən plenar iclasında sərbəst müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hələ də erməni girovluğundan azad edilməməsi məsələsini diqqətə çatdırıb. O, AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb. Deputat Azərbaycan dövlətinin səylərinə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın açıqlamalarına baxmayaraq, hər iki azərbaycanlı girovun azadlığa buraxılması istiqamətində heç bir müsbət irəliləyişin olmadığını təəssüflə qeyd edib. Bildirib ki, Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Onlara zülm edilir, əziyyət verilir və səhhətləri çox ağır vəziyyətdədir. Onların heç bir günahı yoxdur, onlar sadəcə öz evlərini, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarət etməyə gedirdilər. Amma Ermənistan dövləti aylardır ki, bu insanlara zülm edir.

Milli Məclisin deputatı Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ailəsi və yaxınlarının onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından daha böyük səylər gözlədiyini qeyd edərək, Assambleya üzvlərini bu insanlıqdan kənar, qeyri-qanunu əməllərə son qoymaq üçün Ermənistan dövlətinə ciddi etiraz etməyə, təzyiq göstərməyə çağırıb.

“AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik. Ermənistan AŞPA-nın qəbul etdiyi və bu ölkəni işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağa çağıran qətnamənin həyata keçirilməsi istiqamətində heç bir addım atmayıb. Ermənistan bir neçə ay əvvəl Sərsəng su anbarı ətrafında müzakirələr zamanı qəbul edilmiş qətnamənin həyata keçirilməsi istiqamətində də heç bir iş görmür”, - deyə Q.Paşayeva qeyd edib.

Deputat bildirib ki, AŞPA-da qəbul olunan bu qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün AŞPA-nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təzyiq göstərmək lazımdır.

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən 1416 saylı qətnamə bu Assambleyada qəbul olunmayıbmı? Qətnaməni sizlər qəbul etmədinizmi? Sizin 1416 saylı qətnamə nə üçün həyata keçirilmir? Siz Ermənistandan bu qərarların həyata keçirilməsini tələb etməlisiniz. Qəbul etdiyiniz qərarlara məhəl qoymurlarsa təzyiq göstərməlisiniz. AŞPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, Assambleyanın işğal edilmiş torpaqlardan geri çəkilməsinə dair qətnaməsinə əməl etməyən Ermənistanın buradakı nümayəndə heyətinin səsvermə haqqının alınması ilə bağlı məsələni müzakirə etmir? 25 ildir öz evlərinə dönə bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən sadəcə aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərmənizi gözləyir, sizi buna çağırır və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır”, - deyə Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-nı ədalətə çağırıb.

Deputat diqqətə çatdırıb ki, Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları hamını ciddi narahat etməlidir. Assambleya mədəniyyətlər, dinlərarası müstəvidə gərginliklərin surətlə artmasından ciddi narahat olmalı, bu gərginliklərin gələcəkdə böyük faciələrə səbəb ola biləcəyini, Avropanın və bütün dünyanın gələcəyi üçün böyük təhlükələr yaradacağını unutmamalıdır. Bunun qarşısını almağın yolu isə ikili standartlara yol vermədən birlikdə daha çox çalışmaqdır. O, mədəniyyətlərarası, dinlərarası dialoqun, multikulturalizmin genişlənməsi mövzusunun Assambleyanın gündəliyində olmasının vacibliyini vurğulayıb. Həmişə bu məsələyə böyük önəm verən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli” elan edildiyini və bir sıra ölkədaxili tədbirlərlə yanaşı, il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirildiyini bildirib. Qeyd edib ki, 2017-ci ildə ölkəmizdə bu istiqamətdə çoxlu sayda yerli və beynəlxalq tədbir keçirilib, bütün beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda bu mövzu diqqət mərkəzində olub. Azərbaycan bu sahədə dünyada örnək ölkələrdən biridir.

Q.Paşayeva deyib ki, müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyillərin qarşısının alınması istiqamətində, ayrı-seçkiliyə qarşı mübarizədə ümumi səylər gücləndirilməlidir. Bütün üzv ölkələrdə multikulturalizmin əhəmiyyəti ilə bağlı daha çox işlərin görülməsinə və Assambleyada bu istiqamətdə daha çox müzakirələr aparılmasına böyük ehtiyac var. Avropada islamofobiyanın, antisemitizmin artması hamımızı ciddi narahat etməlidir və buna qarşı birgə mübarizəmizi gücləndirməliyik. Əgər dünyanı bir insan olaraq təsəvvür etsək o, indi çox ağır xəstədir, onu ancaq birlikdə xilas edə bilərik. Gələcək nəsillər üçün bu vacib missiyanı yerinə yetirməliyik.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.