SİYASƏT


Azərbaycanlı deputat Avropa Şurası tribunasından Ermənistanın cinayətkar dövlət siyasətini ifşa edib

A+ A

Strasburq, 14 oktyabr, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının son iclası sərbəst müzakirələrlə davam edib. Adətən sessiyanın əvvəlində keçirilən sərbəst müzakirələrin bu dəfə sonda planlaşdırılması Avropa Şurası rəhbərliyinin uğurlu addımı sayıla bilər. Belə ki, sessiyaların sonuna doğru iştirakçıların sayı azalıb siyasi müzakirələr səngisə də, sərbəst müzakirələrin həftəsonu axırıncı mövzu olaraq gündəliyə daxil edilməsi Assambleyanın işinə xüsusi bir ahəng verib.

Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə Ermənistanda keçirilmiş son bələdiyyə seçkilərində müşahidə olunmuş qanunsuzluq və cinayətlərdən bəhs edərək deyib: “Bir neçə gün əvvəl Ermənistanda bələdiyyə seçkiləri keçirilirdi və dəqiq məlumatlara görə həmişə olduğu kimi, ölkədəki bu seçkilər də kütləvi zorakılıq halları ilə müşayiət edildi. Seçicilərə və ayrı-ayrı jurnalistlərə göstərilən müxtəlif təzyiqlərdən əlavə, səsvermə məntəqələrinin ərazisində baş vermiş silahlı münaqişələr, ölüm halları, həmçinin digər bu qəbil xoşagəlməz hadisələrin səciyyəvi cəhəti ondan ibarətdir ki, seçki gedişində hakimiyyətin istədiyi ssenarinin reallaşması üçün məmurlarla yanaşı, kriminal aləmin nümayəndələri də fəal iştirak edib, iqtidara lazım olan xidmətlərini göstəriblər. Bu, qətiyyən təsadüfi yox, əksinə, müasir Ermənistan üçün son dərəcə təbii, qanunauyğun bir vəziyyətdir. Terrorizmi dövlət siyasətinə çevirmiş, fəaliyyətlərində beynəlxalq terror şəbəkəsinə və həmin şəbəkənin tanınmış simalarına arxalanan cinayətkar Ermənistan rejimi təkcə böyük xarici qüvvələrin köməyi ilə 20 faiz ərazisini işğal etdiyi, 1 milyon insanını qaçqına və məcburi köçkünə çevirdiyi Azərbaycan əleyhinə düşmən mövqe tutmayıb. Hakimiyyəti qəsb etmiş canilər qrupu illərdir ki, təkcə müxtəlif əsassız siyasi və ərazi iddiaları ilə Türkiyəni, Gürcüstanı hədəfə götürməyib. Dəhşətlisi odur ki, Ermənistan rejimi qonşularına qarşı apardığı işğalçı və düşmənçilik siyasəti ilə ölkənin gələcəyinə ciddi təhlükələr yaratmaq, onu uçurmaq, sürükləməklə bərabər, istər siyasi, istər iqtisadi baxımdan öz vətəndaşlarına münasibətdə də eyni qəddar mövqedən çıxış edir. Belə bir hakimiyyətin əsiri olan Ermənistan əhalisinin halına acımamaq mümkün deyil. Ermənistanda bu acı reallığı görən minlərlə insan etiraz səsini qaldırır, meydanlara axışır, mitinqlər keçirir. Bəs ədalət tələb edənlərin, haqq söz deyənlərin taleyi necə olur? Quldurdan, cinayətkardan haqq tələb edənin nəsibi necə ola bilər?! Sizə çox həyəcanlı, qorxunc bir statistikanı təqdim edəcəyəm və həqiqəti söyləyənlərlə kriminallaşmış Ermənistan rejiminin necə amansız rəftar etdiyinə özünüz şahid olacaqsınız”.

Deputat Rafael Hüseynov Xocalı soyqırımını tanıyan, bu haqda həqiqətləri dilə gətirən vicdanlı erməni vətəndaşlarına qarşı Ermənistanın hakimiyyətinin etdiyi qəddarlıqlardan faktlarla danışıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri sovet ordusunun 366-cı motoatıcı polku ilə əlbir olaraq Xocalı şəhərində soyqırımı törədib, şəhərin 613 dinc sakinini vəhşicəsinə, xüsusi qəddarlıqla qətlə yetirib, cəsədləri təhqir edib. Bu 613 şəhidin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Artıq dünyanın 10 ölkəsi bu soyqırımını rəsmən tanıyıb. Həmin soyqırımı haqqında həqiqətləri yazan vicdanlı erməni jurnalisti Qayane Vardanyan 2010-cu il aprelin 6-da rejim tərəfindən avtomobil qəzasına salınaraq məhv edilib. Xocalı soyqırımında erməni silahlı birləşmələrinin vəhşilikləri haqda real faktları beynəlxalq tədbirdə dilə gətirən müxalifətçi Ayrat Saakyan bir həftə sonra Londonda oteldəki nömrəsində ölü tapılıb. Yüksək vətəndaş cəsarəti nümayiş etdirərək Xocalıda törədilmiş faciənin məhz soyqırımı olduğunu söyləyən, buna görə Azərbaycan xalqından üzr istəyən digər erməni müxalifətçisi, İnsan Haqları üzrə Ermənistan Helsinki Assosiasiyasının prezidenti Mikael Danielyan 2016-cı il avqustun 4-də qətlə yetirilib. Bunlar Ermənistan rejiminin törətdiyi qətllərin cüzi bir hissəsidir.

Rafael Hüseynov Avropa Şurasını bir daha cinayətkar Ermənistan rejiminə qarşı qətiyyətli olmağa çağırıb: “Əlləri Qarabağ müharibəsində qana bulaşmış indiki Ermənistan prezidenti Serj Sarkisyan, yaxud onun sələfi Robert Koçaryan, ya da onlarla eyni əqidəni, eyni əxlaqı bölüşən komanda üzvləri dövləti bu cür bandit üsullarla idarə edib və etməkdədirlər. Ermənistan xalqını və regionu, böyük ölçüdə Avropanı və dünyanı bu terrorçu rejimdən xilas etmək üçün ən qəti addımları atmağın vaxtı keçmirmi? Bu rejim daha nə qədər qanlı cinayətlər törətməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar və konkret olaraq Avropa Şurası, nəhayət ki, hərəkətə gəlsin?!”

Azərbaycanlı deputatın Ermənistan siyasətini darmadağın edən çıxışının sonunda dözə bilməyən erməni deputatlar qışqırıq salmağa, təhqiramiz ifadələr işlətməyə başlayanda R.Hüseynov onları göstərərək Parlament Assambleyası üzvlərinə müraciətlə deyib: “Bu da söylədiklərimə əyani sübut. Ermənistanın dövlət siyasətinin əsl sifəti bax budur!”

AŞPA sədri sonra siyahı üzrə çıxış edən daha üç erməni deputatın təhqiramiz ifadələr işlətdiyini və Azərbaycan əleyhinə yolverilməz sözlər söylədiyini gördükdə etik normaları və Avropa Şurasının nizamnamə tələblərini pozduqlarına görə onların çıxışlarını yarımçıq dayandırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.