SİYASƏT
Azərbaycanlı deputat: Münaqişələrlə bağlı qəbul edilmiş qətnamələrin yerinə yetirilməsi üçün ciddi addımlar atılmalıdır
Strasburq, 22 iyun, AZƏRTAC
İyunun 22-də günün ikinci yarısında işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Estoniyanın Baş naziri Taavi Roivas prosedur qaydalarına uyğun olaraq qurumun ötən dövrdəki fəaliyyəti barədə hesabatla çıxış edib. Çıxışından sonra T.Roivas deputatların suallarına cavab verib.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən, lakin yerinə yetirilməyən qətnamələr barədə belə bir müraciət və sual ünvanlayıb: “Cənab Baş nazir sizin də söylədiyiniz kimi, həllini tapmamış münaqişələr barədə soruşmaq istəyirəm. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnesrtyanı münaqişələri uzun illərdir həllini tapmır. Bunun əsas səbəblərindən biri beynəlxalq təşkilatların bu münaqişələrlə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsidir. BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın qəbul etdiyi qətnamələr kağız üzərində qalıb və həyata keçirilmir. Sizcə bu qətnamələrin yerinə yetirilməsi üçün daha nələr edilməlidir, hansı mexanizmlərə əl atılmalıdır. Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə bu məsələ, eyni zamanda, münaqişələrin həlli diqqət mərkəzinizdə olacaqmı?”
Taavi Roivas münaqişələrin daim diqqətdə saxlanılmasını və onlar üzərində işlərin davam etdirilməsini zəruri hesab etdiyini bildirib.
Qeyd edib ki, bunun ən yaxşı yolu artıq öz aramızda razılığa gəldiyimiz formatı saxlamaqdır. Biz bu məsələni artıq əvvəllər müzakirə etmişik. Əgər hansısa qətnamə qəbul edib, razılıq əldə etmişiksə, indi bu razılıqlara əməl edərək onların üzərində işləməliyik.
“Əminəm ki, hazırkı məqamda bunun hər hansı bir möcüzəli həll yolu yoxdur. Biz sadəcə əvvəllər əldə etdiyimiz razılıqlara əməl etməliyik. Düşünürəm ki, bu, hazırda ən yaxşı variantdır, məsələyə yararlı bir yanaşmadır. Biz hamımız istəyirik ki, bütün münaqişələr dayandırılsın. Hesab edirəm ki, belə məsələləri onların həlli yolları tapılana kimi daim gündəlikdə saxlamaq və onlar üzərində işləri davam etdirmək lazımdır. Parlamentarilər əslində təsir etmək gücünə malikdirlər. Sizlər, burada təmsil olunan bütün ölkələrin deputatları bundan çox yaxşı bir formada yararlana bilərsiniz və bunu etməlisiniz ki, bu münaqişələrin həlli üzrə işlər davam etdirilsin”, - deyə Taavi Roivas bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq