CƏMİYYƏT


Azərbaycanlı deputat Strasburqda uşaq hüquqlarından danışıb

A+ A

Strasburq, 29 sentyabr, AZƏRTAC

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyeva Strasburqda AŞPA-nın uşaq hüquqları üzrə ad-hoc komitəsinin iclasında iştirak edir.

S.Fətəliyeva komitənin iclasında çıxış edib və uşaq hüquqlarının pozulması, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə çərçivəsində AŞPA-nın müvafiq strategiyasının və layihələrinin icrasından danışaraq kampaniyanın uğurla həyata keçirildiyini bildirib. O qeyd edib ki, son illərdə uşaq hüquqlarının müdafiəsini nəzərdə tutan Lanzarote Konvensiyası daha 31 ölkə tərəfindən ratifikasiya edilib, məsələyə diqqət göstərən parlamentarilərin şəbəkəsi genişlənib, maarifləndirici xarakterli materialların media, broşürlər və digər vasitələrlə uşaqlara, ailələrə, təhsil işçilərinə, QHT-lərə və müvafiq dövlət orqanlarına çatdırılması təmin edilib.

S.Fətəliyeva indiyədək görülən işlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, AŞPA-nın təşkilatçılığı ilə qarşıdakı aylarda uşaqların zorakılıq hallarından qorunması ilə bağlı mütəxəssislərin iştirakı ilə digər tədbirlər, konfranslar keçirilməsi nəzərə tutulub.

AŞPA-nın uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyeva çıxışında uşaqların və gənclərin radikallaşmasının kökündə dayanan daxili faktorlara da diqqəti cəlb edib. Bildirib ki, Avropa məkanında diskriminasiya, ayrı-seçkilik, dözümsüzlük hallarının gəncləri radikalizmə sürükləməsinin qarşısının alınması üçün onların məktəblə, yerli icma ilə əlaqələrinin möhkəmləndirilməsinə diqqəti artırmaq lazımdır.

S.Fətəliyeva digər aktual məsələlər sırasında uşaqların mediada yaşlarına uyğun olmayan formada istismarı və silahlı münaqişə zonalarında yaşayan uşaqların üzləşdikləri problemlər barədə danışıb. AŞPA məruzəçisi çıxışında bildirib ki, qurumun oktyabrın 28-də keçiriləcək dördüncü parlament seminarında uşaqların iş və əmək şəraiti ilə bağlı məsələlər müzakirə olunacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.