ELM VƏ TƏHSİL
Azərbaycanlı doktorant Türkiyədə təlim kursu keçib
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı Aytac Hümbətova Türkiyədə təlim kursu keçib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kurs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Çəyirdəkli meyvə bitkilərinin Avropada, Qafqazda və Mərkəzi Asiyada genetik müxtəlifliyi” layihəsi çərçivəsində Azərbaycan, Fransa, Türkiyə, Çin və Almaniyanın elmi-tədqiqat institutlarının iştirakı ilə təşkil olunub.
A.Hümbətova İnönü və Ərciyəs universitetlərinin əczaçılıq fakültəsində, Gövhər Nəsibə Xəstəxanasının tibbi genetika bölməsində, eyni zamanda, Genom və Kök Hüceyrə Mərkəzində kolon xromotoqrafiyası, hüceyrə kulturası, qandan və toxumadan DNT və RNT izolyasiyası, qan və sümük iliyindən leykosit izolyasiyası, PCR, Real-Time PCR, xCELLigence, HPLC metodlarını öyrənib.
A.Hümbətova həmçinin, dissertasiya işinin mövzusuna uyğun bioinformatik analiz üsulları üzrə kurs keçib.