CƏMİYYƏT
Azərbaycanlı gənc Avropa Gənclər Kartı Assosiasiyasının idarə heyətinə üzv seçilib
Bakı, 5 iyun, AZƏRTAC
Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) baş assambleyasında tarixdə ilk dəfə bu qurumun idarə heyətinə azərbaycanlı gənc seçilib. Həmçinin assambleyada Azərbaycan Tələbə Kartı EYCA rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, iyunun 1-4-də Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Kartı Assosiasiyasının baş assambleyası keçirilib. 36 Avropa ölkəsinin təmsil olunduğu assambleyada Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) iki nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyəti qismində Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədri, ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin əməkdaşı Faiq Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi, həmçinin öz fəaliyyəti ilə seçilən kart daşıyıcısı Fərhad Seyidov assambleyada müxtəlif istiqamətlərdə iştirak ediblər.
Belqradda keçirilən sayca 33-cü assambleyanın konfransı EYCA-nın 30 illiyinə həsr olunub. Assambleyada ATGTİ-ni təmsil edən Faiq Məmmədov EYCA-nın ali idarəetmə orqanı olan idarə heyətinə namizəd qismində çıxış edib. Assambleyanın “Belgrade City Hall”da keçirilən açılış mərasiminə EYCA-nın prezidenti, idarə heyəti, müxtəlif ölkələrdən ibarət nümayəndə heyətləri, həmçinin Belqrad şəhərinin icra orqanları və Serbiyanın Gənclər və İdman Nazirliyinin nümayəndələri qatılıblar.
Qeyd edək ki, budəfəki assambleya EYCA idarə heyətinin son dönəmi olub və keçirilən konfransda yeni prezident və idarə heyəti seçilib. EYCA-nın 30 illik fəaliyyəti dövründə, tarixdə ilk dəfə bu idarə heyətinə azərbaycanlı gənc seçilib. ATGTİ-nin nümayəndəsi Faiq Məmmədov keçirilən səsvermə nəticəsində rəqiblərini geridə qoyub və EYCA-nın ali idarəolunma orqanı olan idarə heyətinin 9 nəfərlik idarə heyətinə üzv seçilib.
Xatırladaq ki, Faiq Məmmədov EYCA-nın 30 illik fəaliyyəti dövründə ən gənc idarə heyətinin üzvüdür. Keçirilən konfransda ATGTİ-nin Azərbaycan Tələbə Kartı ilə bağlı fəaliyyəti barədə geniş bəhs olunub və bu fəaliyyət EYCA rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.
Assambleya çərçivəsində öz ölkələrində fəaliyyətləri ilə fərqlənən kart sahiblərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da artırılması məqsədilə assambleyada iştirak edən hər ölkənin aktiv kart daşıyıcıları üçün 3 günlük maarifləndirici seminarlar keçirilib.
Seminarlar çərçivəsində iştirakçılar müxtəlif proqramlarda iştirak edib, həmçinin kart ilə bağlı fikir və ideyalarını təklif formasında hazırlayaraq EYCA-nın idarə heyətinə təqdim ediblər.
Qeyd edək ki, öz fəaliyyəti ilə seçilmiş F.Seyidov ATGTİ tərəfindən nümayəndə heyəti qismində bu seminarlarda iştirak etmək üçün Serbiyaya ezam edilib.
Məlumat üçün bildirək ki, hazırda 36 ölkənin daxil olduğu assosiasiyanın fəaliyyətinin nəticəsi olaraq 6 milyondan çox kart sahibi mövcuddur və dünyada 80 minə yaxın müəssisədə bu kartlar keçərlidir.