CƏMİYYƏT


Azərbaycanlı gənc alimlər Varşava Kənd Təsərrüfatı Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər

Bakı, 7 dekabr, AZƏRTAC

Varşava Kənd Təsərrüfatı Universitetində (VKTU) “Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda gənc alimlərin beynəlxalq elmi konfransı keçirilib.

Konfransda Azərbaycan, Türkiyə, Polşa, Rusiya, Macarıstan, Hindistan, Qazaxıstan, Qana, Albaniya və Filippindən olan gənc tədqiqatçı alimlər iştirak ediblər.

Ölkəmizin Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbiri VKTU-nun prorektoru, professor Mixal Zasada açaraq, konfransın Azərbaycan və Polşa arasındakı elmi əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

VKTU-nun professorları Alina Danilovska, Maria Parlinska, Nina Drejerska çıxış edərək iki ölkə arasında elmi əlaqələrin inkişafından və bu istiqamətdə görülən işlərdən danışıblar.

Azərbaycanın Polşadakı səfirliyinin üçüncü katibi Fidan Mahmudova ikinci dəfə təşkil edilən konfransın əhəmiyyətindən söz açıb, səfirlik tərəfindən elm sahəsində görülmüş işlər, o cümlədən 41 adda nəşr edilmiş kitab, həmçinin çoxsaylı bukletlər barədə geniş məlumat verib.

Türkiyə səfirliyinin birinci katibi Omer Yazgın konfransın təşkil edilməsinin gənc alimlərin elmə marağının daha da artırılmasına töhfə verəcəyini vurğulayıb.

Sonra Azərbaycanın tarixini, iqtisadiyyatını, elmini, incəsənətini və mədəniyyətini əks etdirən videoçarx təqdim edilib. Həmçinin tədbir çərçivəsində iştirakçılara ölkəmizin Polşadakı səfirliyi tərəfindən nəşr edilmiş kitab və bukletlər paylanılıb.

Açılış mərasimindən sonra konfrans işini plenar sessiyada gənc alimlərin təqdimatları ilə davam etdirib.

Konfransın sonunda gənc pianist Gizem Kardalın ifasında Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əsərlərindən ibarət konsert proqramı nümayiş olunub, Azərbaycanın milli şirniyyat növlərindən ibarət ziyafət təşkil edilib.

Tədbirin təşkilində ölkəmizin Polşadakı səfirliyi tərəfindən lazımi kömək göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.