CƏMİYYƏT
Azərbaycanlı gənclər MDB-nin Parlamentlərarası Gənclər Assambleyasının növbəti sessiyasında iştirak edib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) informasiya texnologiyaları departamentinin direktoru Samir Quliyev və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Qırğızıstanın Çolpan-Ata şəhərinə səfər ediblər.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, sessiyanın əsas məqsədi gənclər mühitində milli və dini ekstremizm təzahürlərinə, terrorizmə qarşı mübarizə sahələrində təcrübə mübadiləsinin aparılmasından ibarət olub.
Sessiyanın işində MDB PA-nın Azərbaycan da daxil olmaqla, yeddi iştirakçı dövlətindən gənc parlament nümayəndə heyəti iştirak edib.
Gənc parlamentarilər MDB PA-nın daimi komissiyaları ilə əməkdaşlıqda həyata keçirilən “Tələbə dəstələrinin fəaliyyəti haqqında”, “MDB iştirakçısı olan dövlətlərin gənc alimləri arasında əməkdaşlıq haqqında” model qanun kimi irəli sürülmüş qanunvericilik təşəbbüslərinin reallaşdırılması prosesini nəzərdən keçiriblər.
İclas iştirakçıları, həmçinin MDB iştirakçısı olan dövlətlərdə gənclər parlamentinin fəaliyyətinin inkişafı və tənzimlənməsi istiqamətində tövsiyələrin hazırlanması üzrə işçi qrupunun yeni tərkibini formalaşdırıblar.
MDB ölkələrinin gənc parlamentariləri səyyar iclas formatının səmərəliliyini vurğulayıblar. Belə toplantıların daha konstruktiv ünsiyyətə kömək etdiyini, həmçinin birlik dövlətlərinin mədəniyyəti və ənənələri ilə tanış olmağa imkan verdiyini bildiriblər.
Gənc parlamentarilər MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının doqquzuncu sessiyası çərçivəsində “Deti Sodrujestva” beşinci beynəlxalq mədəni-maarif forumunu da ziyarət ediblər.
Keçirilmiş görüş çərçivəsində MDB PGA-nın parlamentariləri məktəbli komandaları ilə görüşüblər. Görüş brifinq formatında keçirilib. Məktəblilərin sualları cavablandırılıb, gənclərin ekstremist fəaliyyətə cəlb edilməsi təhlükəsi, onların işlə təminatı və təhsil problemləri barədə diskussiya təşkil olunub.