ELM VƏ TƏHSİL
Azərbaycanlı gənclər ilk dəfə “Qızıl Bayt” beynəlxalq kompüter çempionatında iştirak edəcəklər
Bakı, 23 yanvar, AZƏRTAC
STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə “Qızıl Bayt 2017” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionatın keçirilməsinin məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri aşkara çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və yaradıcı gənclərin layihələrinə dəstək verməkdir.
Bu il nazirliyin dəstəyi ilə azərbaycanlı gənclər ilk dəfə çempionatda iştirak edəcəklər.
Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyunyaratma, oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.
Yarış üç mərhələdən ibarət olacaq. Layihələrin qəbulu fevralın 15-dək çempionatın rəsmi səhifəsində http://goldenbyte.org/ru/ aparılacaq.
Doqquz ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir.
İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının altı mindən çox işi təqdim olunub.