SİYASƏT
Azərbaycanlı gənclər təyyarə qəzasında həlak olanların xatirəsini anıblar
Moskva, 3 noyabr, AZƏRTAC
Moskvanın azərbaycanlı gənclərinin, “Avrasiya” diskussiya klubunun nümayəndələri, habelə Rusiya Federasiyası İctimai Palatasının üzvləri oktyabrın 31-də dəhşətli təyyarə qəzasında həlak olanların xatirəsinə Kremlin divarları önünə güllər düzüblər.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev AZƏRTAC-a bildirib ki, azərbaycanlı gənclər Rusiyanın bütün gənclər təşkilatları, habelə “Avrasiya” gənclər hərəkatı ilə əməkdaşlıq edirlər. Həlak olanların xatirəsini yad etmək mərasimi də onların ümumi təşəbbüsü olub. O deyib: “Biz güllər düzdük və həmin təyyarədə olan sərnişinlərin xatirəsinə şamlar yandırdıq”.
Xatırladaq ki, oktyabrın 31-də Rusiya tarixində ən böyük təyyarə qəzası baş verib. Rusiyanın “Koqalımavia” şirkətinin “Airbus-321” sərnişin təyyarəsi Misirin Şarm Əl-Şeyx kurort şəhərindən Sankt-Peterburqa uçarkən Misir ərazisində qəzaya uğrayıb. Nəticədə 224 insan həlak olub. Onların, demək olar ki, əksəriyyəti rusilalılardır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva