ELM VƏ TƏHSİL


Azərbaycanlı gənclər üçün Çində yay məktəbi təşkil olunub

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində Çin dilini öyrənən azərbaycanlı gənclər üçün yay məktəbi təşkil edilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağının rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə Azərbaycandan olan gənclər Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin kalliqrafiya incəsənətinə, “Uşu” gimnastikasına, bu ölkənin kulinariyasına, ənənəvi çay mərasiminə həsr olunmuş ustad dərslərində iştirak edirlər. Yay məktəbində Azərbaycanı təmsil edən iştirakçılar üçün Çinin ipək paytaxtı hesab olunan, öz mənzərəli Tayxu gölü və bambuk meşələri ilə tanınan Xuçjounun tarixi və mədəniyyət abidələrinə ekskursiyalar təşkil edilir.

Düşərgənin işi çərçivəsində Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun Prezident İlham Əliyevin 2003-2007-ci illərdə ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönələn çoxplanlı fəaliyyətinə həsr olunmuş “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25 illiyi” (Çin dilində) kitabının təqdimatı keçirilib. Azərbaycanlı dinləyicilər qrupunun rəhbəri, ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Çjetszyan əyalətinin dövlət televiziyasına verdiyi müsahibəsində universitetdə Çin dilinin tədrisi, Azərbaycan tarixində ilk dəfə ali məktəb tələbələri üçün milli Çin dili dərsliyinin nəşri barədə məlumat verib. O, həmçinin Konfutsi İnstitutunun Çinin mədəniyyətinə və tarixinə dair keçirdiyi tədbirlər, elmi seminarlar haqqında danışıb, Xuçjou səfəri barədə təəssüratlarını bölüşüb.

R.Abbasovun sözlərinə görə, ADU-nun tələbələri Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil almaqla yanaşı, Böyük İpək Yolu üzərində yerləşən, tolerant ölkə kimi tanınan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına dair tədbirlər keçirərək ictimai fəallıq göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.