CƏMİYYƏT
Azərbaycanlı həkimlər Tbilisidə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər
Tbilisi, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Tbilisidə XXII Beynəlxalq Yersiniya Simpoziumu keçirilib.
Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdirləri Rita İsmayılova, Səbinə İbrahimova və Respublika Baytarlıq Laboratoriyasının şöbə müdiri Ayxan Yusifov təmsil ediblər.
Tədbirin məqsədi taun və digər yersiniya xəstəliklərinə qarşı müxtəlif ölkələrdə hazırlanan layihələr, həyata keçirilən islahatlar, təkmilləşdirilmiş laborator layihələr və epidemioloji vəziyyətə dair məruzələr dinləmək, təcrübə mübadiləsi aparmaq olub.
Rita İsmayılova AZƏRTAC-a müsahibəsində deyib ki, taun xəstəliyi əsasən XIX əsrin bəlası adlandırılsa da, bu gün də öz aktuallığını itirmir. Bu gün müxtəlif ölkələr hələ də bu xəstəlikdən ciddi əziyyət çəkirlər. Azərbaycan hökuməti, xüsusən də Səhiyyə Nazirliyi ölkə ərazisində aşkar olunan taun ocaqlarında mütəmadi müayinələr aparır. Həmin zonalar ciddi nəzarət altındadır. Bunun müsbət nəticəsidir ki, son 30 ildə Azərbaycanda insanlar arasında taun xəstəliyi aşkar olunmayıb.
R.İsmayılova qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri bu simpoziumda ölkəmizdə taun və digər xəstəliklərlə mübarizə sahəsində görülən işlər barədə məlumat veriblər. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində taun xəstəliyi ilə əlaqədar həşəratlarda, xüsusən də birələrdə müayinələrin aparılması, yersiniya enterekolitika növünün və heyvanlarda yersiniya növlərinin müayinəsi ilə əlaqədar üç təqdimatla çıxış ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi