CƏMİYYƏT
Azərbaycanlı həkimlər Tbilisidə vərəmlə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər
Tbilisi, 29 yanvar, AZƏRTAC
Tbilisidə vərəm xəstəliyi və bu xəstəliklə mübarizə üsullarına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov və institutun həkim-radioloqu Züleyxa Sərdarova iştirak ediblər.
Z.Sərdarova AZƏRTAC-a bildirib ki, iki gün davam edən konfransda vərəmin səbəbləri və ağır nəticələri, eləcə də bu xəstəliyin düzgün müayinəsi və müalicəsi istiqamətində dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlərdən söhbət açılıb. Vaxtilə Azərbaycanda işləmiş ABŞ-ın Milli İnfeksion və Allergiya İnstitutunun rəhbəri Aleks Rosentalın və başqa alimlərin mühazirələri dinlənilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən konfransda azərbaycanlı həkimlər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan, o cümlədən vərəmlə mübarizə sahəsində görülən işlərdən danışıblar. Bildirilib ki, Azərbaycan Respublikasında vərəm xəstəliyi ilə mübarizə aparan tibb müəssisələri şəbəkəsi mövcuddur. Bundan başqa, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyası yaradılıb. Azərbaycanda artıq Dünya Səhiyyə Təşkilatının strategiyasına uyğun müalicə proqramı tətbiq olunur.
Konfrans iştirakçıları, həmçinin Gürcüstanın bir sıra qurum, institut və laboratoriyalarına baş çəkib, bu ölkədə səhiyyə sahəsində keçirilən islahatlarla tanış olublar.
Beynəlxalq konfransda 10-dan çox ölkənin həkim və mütəxəssisləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi