MƏDƏNİYYƏT
Azərbaycanlı ifaçı beynəlxalq festivalda çıxış edib
Bakı, 9 iyul, AZƏRTAC
“Olonxo torpağında UNESCO şedevrləri ilə görüş” adlı üçüncü beynəlxalq festival keçirilib. Rusiyanın Saxa (Yakutiya) Respublikasında baş tutan musiqi tədbirində unikal mədəniyyətə sahib 10 ölkədən olan ifaçılar iştirak edib.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun təşkilatçılığı ilə 3-cü dəfə təşkil edilən festivalı izləyən tamaşaçılar üçün müxtəlif ölkələrin - Azərbaycan, Monqolustan, İspaniya, Çin, Hindistan, Yaponiya, Gürcüstan, Qırğızıstan və Rusiyanın zəngin ənənəvi mədəniyyəti ilə tanış olmağa imkan yaranıb. Musiqi festivalı çərçivəsində Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyinin Q.M. Krivoşapko adına dövlət filarmoniyasında Azərbaycanın Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı tarzən Sahib Paşazadənin konserti olub.
Konsert zamanı azərbaycanlı ifaçını Natalya Bazalevanın dirijorluğu ilə "Symphonica ARTica" simfonik orkestri müşayiət edib.
Musiqi gecəsində S.Paşazadənin ifasında "Oxu, tar", "Qaytağı", "Sarı gəlin", "Seygah", "Cəngi" və digər milli musiqi və muğam nömrələri təqdim olunub.