İQTİSADİYYAT
Azərbaycanlı iş adamları İtaliyanın Lombardiya regionuna səfər ediblər
Mantova, 27 aprel, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı, mexanika, tekstil və moda sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və iş adamları İtaliyanın Lombardiya regionunun Mantova şəhərində olublar.
İtaliya - Azərbaycan Ticarət İnstitutu (İTAZERCOM) və Mantova şəhər Ticarət Palatası tərəfindən təşkil olunmuş səfərin məqsədi iki ölkə arasında əlaqələrin və ticarət münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi istiqamətində yerli şirkətlərimizi Avropada tanıtdırmaq olub. Eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, yeni iş əlaqələrinin qurulması, potensial tərəfdaşların aşkarlanması diqqət mərkəzində saxlanılıb.
Dörd günlük səfər zamanı Azərbaycan nümayəndə heyəti İtaliyanın dövlət və özəl sektor nümayəndələri ilə görüşüb. Görüşlərdə Lombardiya regionunda biznes əlaqələri qurmaq və yerli tərəfdaşlar tapmaq kimi məsələlərlə bağlı müzakirələr aparılıb. İnvestisiya imkanları barədə ətraflı məlumatlar əldə edən nümayəndə heyətimiz yerli fabrikləri və digər istehsal müəssisələrini ziyarət edib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Mantova