İQTİSADİYYAT
Azərbaycanlı iş adamları ilk dəfə Bakıda bir yerə toplaşacaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 28-29-da Bakıda keçiriləcək Dünya Azərbaycanlı İş Adamlarının birinci Forumunda dünyanın 33 ölkəsindən 160-a yaxın iş adamı iştirak edəcək. Tədbirə ən böyük nümayəndə heyəti ilə Rusiya Federasiyasından olan azərbaycanlı iş adamları qatılacaqlar. Bu ölkədən 40 nəfərdən çox nümayəndənin tədbirə dəvət olunması nəzərdə tutulub. Həmçinin Türkiyədən, Almaniyadan, Ukraynadan, Qazaxıstandan xeyli sayda iş adamının Forumda iştirakı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Forumda kənd təsərrüfatı, konsaltinq, ticarət, informasiya texnologiyaları, nəqliyyat və logistika, neft sənayesi, tekstil, bank sektoru və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul azərbaycanlı iş adamları iştirak edəcəklər.
Azərbaycan Respublikasından kənd təsərrüfatı, qida sektoru, tikinti və inşaat, neft, informasiya-kommunikasiya texnologiyaları (İKT), tekstil və digər sahələrdə çalışan iş adamlarının da forumda iştirakı gözlənilir.
Forumda ümumilikdə 300 nəfərdən çox nümayəndənin iştirakı planlaşdırılır. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə iqtisadiyyatının real sektoruna, xüsusilə, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırıb. Qurultayda aparılan müzakirələr zamanı Azərbaycan Prezidentinin tövsiyələrinə əsaslanaraq Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi təklifi irəli sürülüb. Azərbaycan Respublikası Prezidentinin tövsiyələri əsasında hazırlanmış və Prezident Administrasiyası rəhbərinin 27 iyun 2016-cı il tarixli 95 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planı”nın 3-cü bəndində Bakıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısının keçirilməsi nəzərdə tutulub.