CƏMİYYƏT


Azərbaycanlı jurnalistlər London, İstanbul və Moskvaya göndəriləcək

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyi arasında əldə olunmuş razılığa əsasən, jurnalistlər üçün yeni müsabiqə elan edilir. Bu barədə Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı məlumat verib. O, ideyanın Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayevdən gəldiyini deyib. R.Rzayev qeyd edib ki, Prezident İlham Əliyev xaricdə çalışan, xaricə çıxışı olan azərbaycanlı jurnalistlərə ehtiyacın olduğunu dəfələrlə bildirib. O, Prezidentin qaldırdığı bu məsələnin çox vacib olduğunu və bu çağırışa qoşulmağın böyük faydalar verə biləcəyini söyləyib.

E.Eyvazlı məsələnin İctimai Birliyin rəhbərliyində müzakirə edildiyini və sədr Bayram Səfərovun da belə bir layihənin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Müsabiqədə ingilis, rus və türk dillərini yaxşı bilən jurnalistlər iştirak edə bilərlər. Qaliblər iki mərhələ keçdikdən sonra müəyyənləşəcək. İlkin mərhələdə müsabiqəyə qatılan jurnalistin xaricdə dərc olunan məqaləsi təqdim edilməlidir. Məqalə olmadıqda həmin jurnalist xaricdə media üçün hazırladığı, ancaq dərc etdirə bilmədiyi yazını təqdim etməlidir.

İkinci mərhələdə isə jurnalist münsiflər tərəfindən şifahi sorğudan keçəcək. Dil biliyi ilə yanaşı, jurnalistlərin hadisələrə baxışı, milli maraqlardan necə çıxış etmələri də çox önəmlidir. Beləliklə, üç qalib müəyyənləşəcək.

Qaliblərdən biri Londona, biri Moskvaya, digəri isə İstanbula göndəriləcək. Bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqənin qalibləri xaricdə həm universitetlərdə seminarlara qatılacaqlar, həm də məşhur media qurumlarında təcrübə keçəcəklər.

Müsabiqəyə avqustun 1-dən start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.