SİYASƏT
Azərbaycanlı məcburi köçkünlərin vəziyyəti Britaniyanın yeni parlament üzvlərinin diqqətinə çatdırılıb
Bakı, 16 iyun, AZƏRTAC
Böyük Britaniyada keçirilmiş parlament seçkilərindən sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün vəziyyəti barədə məlumatı əks etdirən açıqca parlamentin yeni 650 üzvünün hər birinə göndərilib.
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılarla bağlı açıqcada 10 yaşlı Nəzrin Xanlarovanın fotoşəkili yer alıb. O, Pirşağı qəsəbəsindəki Qızılqum məcburi köçkün düşərgəsində anadan olub, ailəsi əslən Xocalıdandır.
TEAS-ın dəstəyi ilə həyata keçirilən, məşhur alman fotoqrafı Filip Ratmerin “Evə aparan beş yol” fotolayihəsində azərbaycanlı məcburi köçkünlərin portretləri yer alıb. Bu təsirli və emosional fotoşəkillərdə köçkünlərin üz şəkilləri qara fonda yaxın rakursdan çəkilib.
Açıqcada bütün azərbaycanlı qaçqınların və məcburi köçkünlərin yeganə və ən böyük arzusunun öz doğma evlərinə geri qayıtmaq olduğu bildirilir.