ELM VƏ TƏHSİL
Azərbaycanlı məktəblilər ABŞ-da keçirilən olimpiadada medal qazanıblar
Bakı, 15 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında 10-cu Beynəlxalq Davamlı Dünya-Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadası keçirilib.
Hyuston şəhərində təşkil edilən olimpiadaya 63 ölkədən 700 şagird 440 layihə ilə qatılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadada ölkəmizi Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Nailə Məmmədova və “İstək” liseyinin 8-ci sinif şagirdi Aytən Qayıbova təmsil ediblər. Şagirdlər “Günəş enerjisinin çevrilməsi və səmərəliliyinin artırılması üçün yeni GaSe nanostrukturların inkişafı” adlı layihə ilə çıxış ediblər.
Azərbaycanlı məktəblilər olimpiadada uğur qazanaraq bürünc medala layiq görülüblər.