ELM VƏ TƏHSİL
Azərbaycanlı müəllimlər Lissabon Universitetində dərs proqramlarını təqdim ediblər
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Az.MİU) dizayn kafedrasının müəllimləri Leyla Həsənova və Fəridə Qasımova Avropa İttifaqının Erasmus+ KA1 mübadilə proqramları çərçivəsində Portuqaliyada elmi məzuniyyətdə olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müəllimlərimiz Lissabon Universitetinin memarlıq fakültəsinin xarici bölməsinin bakalavr pilləsində təhsil alan tələbələr qarşısında dərs proqramları ilə çıxış ediblər. Beş gün davam edən ezamiyyət çərçivəsində onlar Lissabon Universitetinin memarlıq fakültəsinin tədris sistemi, fəaliyyət istiqamətləri və müəllim heyəti ilə tanış olublar.
Leyla Həsənova “Dizaynda forma yaratmağın prinsipləri” mövzusunda hazırladığı dərs proqramını Lissabon Universitetinin müəllim və tələbələrinə təqdim edib. Dərs proqramında müasir memarlıq və dizaynda forma yaratmağın prinsipləri əvvəlcə müstəvi üzərində, daha sonra həcm və fəzada açıqlanıb. Dərslər dünya memarlıq və dizayn nümunələrinin, tələbə işlərinin nümayişi ilə keçirilib.
Az.MİU müəllimlərinin dərs proqramları maraqla qarşılanıb və tələbələr dərslərdə fəal iştirak edərək müəllim tərəfindən verilən sual və tapşırıqları yerinə yetiriblər.