SİYASƏT
Azərbaycanlı müşahidəçi Qırğızıstanda parlament seçkilərinin gedişini şərh edib
Bişkek, 4 oktyabr, AZƏRTAC
Qırğızıstan üçün son texnologiyalar əsasında seçkilər keçirmək çox vacib idi. Qırğızlar demokratik və şəffaf seçkilər keçirmək üçün çətin yol keçib.
Bunu AKİPress agentliyinə müsahibəsində Qırğızıstanda keçirilən parlament seçkilərini TürkPA-nın xətti ilə müşahidə edən Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Deputat bildirib ki, demokratik və şəffaf səsvermə keçirməklə Qırğızıstan bütün dünyaya seçkiləri yüksək səviyyədə keçirə bildiyini nümayiş etdirdi. Seçkilərdə fəallığın kifayət qədər yüksək olduğunu deyən deputat yaşlı seçicilərin xüsusilə fərqləndiyini bildirib. Onun sözlərinə görə, fəal seçicilər arasında slavyanlar və digər xalqların nümayəndələri də çoxluq təşkil edib.
Qeyd edək ki, oktyabrın 4-də keçirilən parlament seçkilərində 6 partiya 7 faizlik həddi keçərək parlamentə yer əldə edib. Ölkənin hakim Qırğızıstan Sosial-Demokrat Partiyası 28 faizə yaxın səs toplayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek