İQTİSADİYYAT
Azərbaycanlı mütəxəssis beynəlxalq qurumun auditoru adına layiq görülüb
Bakı, 22 fevral, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində regional metrologiya təşkilatı olan KOOMET-in (Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) “Keyfiyyət Forumu”nun 18-ci iclasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəis müavini Azər Qurbanov “KOOMET-in Auditoru” adına layiq görülüb və şəhadətnamə ilə təltif edilib.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
“Komitə yanında Dövlət Metrologiya Xidmətinin fəaliyyəti və xidmətin keyfiyyəti idarəetmə sistemi” mövzusunda təqdimatla çıxış edən A. Qurbanov Azərbaycanda son illərdə metrologiya sahəsində aparılan islahatlar və milli etalon bazasının formalaşdırılması ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (KOOMET) üzv ölkələrin metrologiya sahələrində qanunvericiliyin təkmilləşdirilməsini, akkreditasiya, keyfiyyəti idarəetmə sistemində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini, fiziki kəmiyyət vahidləri və digər dövlət etalonlarının qarşılıqlı tanınması və tutuşdurulmasını həyata keçirir.
Tədbirdə Almaniya, Bosniya və Herseqovina, Rumıniya, Litva, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan və Moldovanın milli metrologiya orqanlarının əməkdaşları iştirak ediblər.
Azərbaycan Hökuməti adından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2007-ci ildən KOOMET-in üzvüdür.