MƏDƏNİYYƏT
Azərbaycanlı parlamentarilər Lüksemburq Mədəniyyət Nazirliyində olublar
Paris, 21 yanvar, AZƏRTAC
Lüksemburqda səfərdə olan Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova və deputat Sabir Hacıyev bu ölkənin Mədəniyyət Nazirliyində olublar. Azərbaycanlı parlamentarilər mədəniyyət işləri üzrə dövlət katibi Gi Arendtlə görüşdə ölkəmizdə mədəni irsin qorunub saxlanmasına dövlət qayğısından danışıblar.
Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanın tarixi, mədəni, mənəvi irsinin qorunub saxlanmasına, eləcə də Fransada bir çox kilsələrin və Vatikanda Roma katakombalarının bərpa edilməsinə verdiyi töhfələr vurğulanıb.
Mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizin bir çox mədəni abidələrinin UNESCO-nun mədəni irs siyahısına daxil edildiyi bildirilib, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq musiqi festivallarından danışılıb.
Dövlət katibi Gi Arendtə Azərbaycan musiqi alətlərindən ibarət xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin müşaviri Elçin Bəşirov və Benilüks Azərbaycanlılar Konqresinin sədri Sahil Qasımov iştirak ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris