REGİONLAR
Azərbaycanlı pəhləvan qardaşların çıxışı amerikalıları şoka saldı VİDEO
Quba, 7 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubalı pəhləvan qardaşlar Amerika Birləşmiş Ştatlarının “America's Got Talent” teleşousunda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, adları “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən Laçın və Hüseyn Abdulhüseynovlar amerikalı tamaşaçıları da öz qeyri-adi nömrələri ilə şoka salmağı bacarıblar.
Qardaşların layihənin ilk mərhələsində çıxışları bu gün iyunun 7-də televiziyada yayımlanıb.
Kadrlardan da görünür ki, münsiflər heyətinin 4 üzvündən ikisi olduqca təhlükəli nömrələri izləyə bilməyərək çıxışın dayandırılmasını istəyib. Azərbaycanlı pəhləvanların güc nümayişini studiyada əyləşən tamaşaçılar həyəcan və alqışlarla izləyiblər. Pəhləvan qardaşlar şounun ikinci mərhələsinə yüksəliblər.
Laçın və qardaşı Hüseyn Abdulhüseynov bundan əvvəl Ukrayna və Türkiyə televiziyalarında yayımlanan layihələrdə də iştirak ediblər.