İDMAN


Azərbaycanlı pəhləvanlar Gürcüstanda yeni rekordlara imza atıblar

Tbilisi, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da Gürcüstanın Marneuli rayonunda dünya rekordçuları festivalı keçirilib. Festivalda Azərbaycanı təmsil edən pəhləvanlar Vüsal Cavadov, Laçın və Hüseyn Abdulhüseynov qardaşları, eləcə də Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Etibar Elçiyev-Budaqlı məşhur “Cəngi” havasının sədaları altında güclərini sınayıb, yeni rekordlara imza atıblar.

Əvvəlcə pəhləvan güləşi üzrə üçqat dünya və Avropa çempionu Vüsal Cavadov əlləri üstə yeriyərək və 1750 kiloqram çəkisi olan “Ford” markalı minik avtomobilini dişləri ilə 3,5 metr dartaraq yeni dünya rekorduna imza atıb. Sonra o, ayaqlarından asılı vəziyyətdə 40 kiloqram yükü dişləri, daha 40 kiloqram yükü isə eyni vaxtda əlləri ilə qaldırıb.

Laçın Abdulhüseynov göz almacıqlarının boşluğunda 34 kiloqram 150 qram ağırlığında olan yükü qaldıraraq 8 saniyə saxlamaqla, həmçinin 5 mismarı başı ilə taxtaya vurmaqla iki yeni rekord müəyyən edib. Hüseyn Abdulhüseynov isə döş qəfəsinin boğaz nahiyəsindəki sümüyü ilə avtomobili dartmaqla və 41,3 kiloqram ağırlığındakı çəki daşlarını döş sümüyü ilə qaldırmaqla yeni rekorda imza atıb. Pəhləvanların ayaqlarının və qollarının üzərindən ağır avtomobillərin keçməsi də yeni rekord kimi qeydə alınıb.

E.Elçiyev-Budaqlı isə sinəsindəki 18 kiloqram ağırlığındakı dəmir lövhənin üstündə 60 kiloqram ağırlığında adamı oturtmaqla, habelə çəkisi 1750 kiloqram olan “Ford” avtomobilini 8 metrdən uzaq məsafəyə dartmaqla yeni rekord müəyyən edib. Sonra pəhləvanın sinəsi üzərində çəkiclə 17 kərpic sındırılıb və bununla da o, daha bir rekorda nail olub.

Qafqaz Dünya Rekordları Federasiyasının baş katibi Şota Keldişvili jurnalistlərə bildirib ki, festivalı təşkil etməklə Azərbaycandan gəlmiş pəhləvanların və Gürcüstanda yaşayan azərbaycanlı “Maqnit adam”ın yeni rekordlarını dünyaya çatdırmaq, idmanı təbliğ etmək, eyni zamanda, gənclərin idmana marağını artırmaqdır.

Pəhləvan Vüsal Cavadov yeni rekordlara imza ataraq Azərbaycanın idman şərəfini layiqincə qorumağa çalışdığını və bundan qürur duyduğunu vurğulayıb.

Yarışın sonunda pəhləvanlara sertifikatlar və medallar təqdim olunub.

Şota Keldişvili azərbaycanlı pəhləvanların yeni rekordları ilə bağlı videomaterialların və müvafiq sənədlərin Dünya və Ginnesin rekordları təşkilatlarına göndəriləcəyini bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.