İDMAN


Azərbaycanlı pilot Heres trekinin “EuroFormula Open” mərhələsində iştirak edəcək

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

“Campos Racing” komandasında iştirak edən azərbaycanlı pilot Gülhüseyn Abdullayev İspaniyanın Heres trekində keçiriləcək beynəlxalq seriyalı “EuroFormula Open” yarışlarının növbəti mərhələsində mübarizə aparacaq.

AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəsmi saytına istinadla xəbər verir ki, bu mərhələ mövsüm üzrə çempionluq uğrunda mübarizənin yeddinci yarışı olacaq. Hazırda G.Abdullayev çempionatda iştirak edən 28 pilot arasında 24-cü yerdədir. Onun yarışlarda ən yaxşı göstəricisi Montsa trekində qazandığı 15-ci yerdir.

G.Abdullayev şirkətin dəstəyi ilə “EuroFormula Open” kimi beynəlxalq yarışlarda gücünü sınayan ilk və yeganə azərbaycanlı pilotdur. O Bakıda keçirilmiş Formula-1 Avropa Qran-prisinin də rəsmi səfiridir.

Çıxış etdiyi yarışların nəticələri barədə danışan G.Abdullayev deyib: “Montsa yarışından, ümumiyyətlə, komanda olaraq razı qaldıq. Montsada ilk dəfə olaraq yarış boyunca rəqiblərimlə mübarizə apara bildim və hətta bir neçə rəqibimi də ötdüm. Bu səbəbdən komandam yarışımdan razı qaldı. Mənə bildirdilər ki, Montsa bu mövsümün ən yaxşı yarışı oldu və növbəti yarışlarda da yaxşı nəticələr gözləyirik. Qarşıdakı yarışlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq”.

İtaliya mərhələsindən dərhal sonra Heres yarışına hazırlaşmağa başladığını vurğulayan gənc pilot deyib: “Növbəti yarışa hazırlaşmaq üçün bir həftə Valensiyada idim. İlk iki gündə Valensiya trekində testlər etdik. Lakin ilk dəfə olaraq Formula-3 yox, GP3 avtomobilində test etdim və yürüşümdən razı qaldılar. Bundan sonra daha çox GP3 avtomobilində test etməmi istədilər. Çünki bundan sonra həm Formula-3, həm də GP3 yarışlarına hazırlaşacağam. Bu avtomobillərin yürüş tərzi bir-birinə bənzəmədiyinə görə hər ikisinə hazırlaşmalı olacağam. Bundan əlavə, Valensiyada fiziki məşqlərlə də məşğul olurduq və simulyatorda Heres trasını test edirdik. İndidən deyə bilərəm ki, simulyator nəticələrinə görə komanda yoldaşlarımla aramızdakı fərq digər yarışlara görə daha azdır. İnanırıq ki, bu yarışda daha yaxşı nəticələr əldə edə bilərik. Fiziki məşqlərə gəldikdə isə hər gün bəzən tək, bəzən də komanda yoldaşlarımla birgə hazırlıq keçirik. Xüsusən də Formula-3 yarışları üçün nəzərdə tutulmuş xüsusi məşqlər edirik. Bu, fitnes məşqlərindən bir qədər fərqlənir”.

Heres treki barədə fikirlərini bölüşən G.Adullayev vurğulayıb: “Trek mənə yad deyil. Dekabrda mövsümdən əvvəl test etdiyim treklərdən biridir. İlk sürüşümdə bu treki bəyənmişdim. Heres keçmiş Formula-1 treklərindən biridir. Mənə elə gəlir ki, bu, Formula-1 təqvimindəki keçmiş treklər arasında ən yaxşısıdır. Həm sürücü, həm mühəndis, həm də mexaniklər üçün vacib trekdir. Trekdə hələ ki, yarışmamışam, sadəcə simulyatorda test etmişəm. Lakin düşünürəm ki, yarış daha maraqlı olacaq. Oktyabrın 29-30-da yarış olacaq. Böyük ehtimalla yağış yağacaq və beləliklə, yarış daha da maraqlı keçəcək. Ümid edirəm ki, daha yaxşı nəticə qazanacağıq.”

Pilot yarışlara hazırlıqlarına və sıx qrafikinə baxmayaraq, Formula-1 çempionatını yaxından izləyir. Çempionatın bitməsinə cəmi üç yarış qalıb və çempionluğa iki namizəd var. Gənc pilotun sözlərinə görə, mövsüm boyu “Mercedes” komandasının iki pilotunun Formula-1 azarkeşlərinə möhtəşəm yarış və mübarizə göstərməsinə çox şaddır. O, Niko Rosberqə azarkeşlik və bu il çempion olaraq onu görmək istədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.