CƏMİYYƏT
Azərbaycanlı qazilər Türkiyədə qardaş sevgisi ilə qarşılanıblar
İstanbul, 24 may, АZƏRTAC
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” və “Əfqanıstan Müharibəsi Veteranları” İctimai birliklərinin, Ordunun Dostları Mətbuat Klubunun üzvlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olub. Nümayəndə heyətinin üzvləri qardaş ölkədə böyük qonaqpərvərliklə qarşılanıb.
Beşgünlük səfər çərçivəsində Türkiyənin Ehtiyatda olan Zabitlər və Türkiyə Müharibə Əlilləri birliklərinin üzvləri ilə müxtəlif görüş və tədbirlər keçirilib.
Ankarada Türkiyə Böyük Millət Məclisində olan nümayəndə heyəti İstanbulda Kazım Qarabəkir Paşa muzeyini ziyarət edib.
Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarova əsərlərini imzalayaraq qardaş ölkənin ehtiyatda olan və əlil döyüşçülərinə hədiyyə edib. Ə.Ağalarova veteran hərbçilərlə görüşdə qeyd edib ki, Vətənin keşiyində olan qəhrəmanlara kitab hədiyyə etmək bir yazıçı üçün böyük şərəfdir.
Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, səfərdə məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş igid Vətən oğullarının rəşadətli döyüş yolu barədə Türkiyə ictimaiyyətinə geniş məluma verməkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Istanbul