MƏDƏNİYYƏT
Azərbaycanlı rəqqas beynəlxalq festivalda ölkəmizi münsiflər heyətinin üzvü kimi təmsil edəcək
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasinin tərkibində İncəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsinin müdiri, əməkdar artist Tahir Eynullayev Tbilisidə keçiriləcək uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə Vaxtanq Çabukiani adına ikinci Beynəlxalq festival-müsabiqəsində münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
Tahir Eynullayev AZƏRTAA-a bildirib ki, aprelin 4-5-də keçiriləcək festival-müsabiqə Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstanın Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Nataliya Digmelasşvilinin təşkilatçılığı ilə reallaşacaq.
Azərbaycan bu festival-müsabiqədə ikinci dəfə təmsil olunacaq.
Müsabiqədə “Təbəssüm” Uşaq Teatrı, Bakı Xoreoqrafiya Akademiyasinin klassik şöbəsinin və İncəsənət Gimnaziyasının şagirdləri iştirak edəcəklər.
ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çex Respublikası və digər ölkələrin musiqiçi və rəqqaslarının qatılacağı festivalda T.Eynullayev milli rəqslərimizdən nümunələr nümayiş etdirəcək.
Qeyd edək ki, tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.