MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın əsərləri “Art Capital” sərgisində
Paris, 25 noyabr, AZƏRTAC
Parisin məşhur “Qran Pale” sərgi salonunda “Art Capital-2015” müasir incəsənət sərgisi noyabrın 25-də öz qapılarını ictimaiyyətə açıb.
Sərgidə 2016-cı ildə dəbdə olacaq yeni cərəyanlar yer alıb. Nümayiş olunan rəsm əsərləri akademiklər və incəsənətşünaslardan ibarət münsiflər heyəti tərəfindən seçilib.
Parisdə yaşayan azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın “Bütün həyat teatrdır” silsiləsindən “Sevgi apofeozu” və “Nostalgiya” tablolarından ibarət kompozisiya diptixi “Art Capital-2015” sərgisində nümayiş olunur.
Delakrua, David, Enqri, Van Qoq, Qoqen kimi rəssamların əsərlərindən ilhamlandığını deyən azərbaycanlı rəssam “Qran Pale”nin Böyük Payız Salonunda peşəkar münsiflərin seçdiyi əsərlərin sərgisində ölkəmizi təmsil edir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın dekabr ayında Parisin mərkəzi qalereyasında sərgisinin açılışı gözlənilir.
Xatırladaq ki, hər il təşkil olunan “Art Capital-2015” sərgisi Fransız Rəssamları Cəmiyyəti, Müstəqil Rəssamlar Cəmiyyəti, Su Üzərində Rəsm və Rəssamlıq Salonu və Müqayisələr Salonu kimi 4 bölmədən ibarətdir.
2500 rəssamın, heykəltəraşın, fotoqrafın, arxitektorun əsərlərinin nümayiş olunduğu sərgidə 40000-ə qədər ziyarətçinin olacağı gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris