MƏDƏNİYYƏT
Azərbaycanlı skripkaçı beynəlxalq müsabiqənin əsas mükafatına layiq görülüb
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanlı skripkaçı Ceyla Seyidova Moskvada keçirilən Sergey Prokofyev adına II Beynəlxalq Musiqi Müsabiqəsində Qran-priyə layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyində AZƏRTAC-a bildirilib ki, müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi mayın 29-da qala–konsert çərçivəsində olacaq.
Ceyla Seyidova 6 yaşından musiqi ilə məşğul olur. O, 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş Gənc İfaçıların I Festivalının qalibi olub. Gənc skripkaçı 2005-ci ildə Tbilisidə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilmiş beynəlxalq festivalın laureatı olub. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı olub, Belçikanın Namur şəhərində “Bravo” IV Beynəlxalq Müsabiqədə, Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq Musiqi Müsabiqəsində I yeri tutub.
Ceyla Seyidova Prezident İlham Əliyevin 2015-ci il 31 yanvar tarixli Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.