SİYASƏT
Azərbaycanlı tələbə Kiyevdə beynəlxalq elmi konfransda iştirak edib
Kiyev, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-28-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Filologiya İnstitutunun (Fİ) iclas salonunda “XX-XXI əsrlər Ukrayna ədəbiyyatında Mixail Kotsyubinsk ənənələri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
Ukrayna ədəbiyyatı klassikinin anadan olmasının 150 illiyinə həsr olunan tədbir KMU, Fİ və Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil edilib.
KMU Fİ-nin birinci kurs bakalavrı Rövşən Pişnamazzadə maraqlı məruzə ilə çıxış edib. Sonra o, M.Kotsyubinskinin “Xo” nağılından bir parçanı Ukrayna dilində oxuyub.
Qeyd edək ki, bu istedadlı azərbaycanlı tələbə belə tədbirlərdə ilk dəfə iştirak etmir. Gələcək filoloq bundan əvvəl də Kiyevdə beynəlxalq elmi simpoziumlarda, dünya şöhrətli Ukrayna şairi Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr olunmuş forumlarda, o cümlədən Azərbaycanın Ukraynadakı səfirliyinin təşkil etdiyi tədbirdə çıxış edib.
Rövşən Pişnamazzadə həm də Ukraynadakı Azərbaycan diasporunun gənclər cinahının fəal iştirakçısıdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev