CƏMİYYƏT


Azərbaycanlı tələbələr Çin dilini öyrənməyə maraq göstərirlər

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Ölkəmizdə ilk dəfə 2015-2016-cı tədris ilində Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi bu ali təhsil ocağının maliyyə dəstəyi ilə təhsillərini bir illik Çinin Şenyan Pedaqoji Universitetində davam etdiriblər.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələr bu iki ali təhsil ocağı arasında imzalanmış müqaviləyə əsasən Çinə təhsil almağa göndərilib. Belə ki, müqaviləyə uyğun olaraq tələbələr Çin dilini öyrənmək məqsədilə bu ölkədə yaşayaraq, orada təhsil alıb və çinli tələbələrlə əlaqələr quraraq bu dildə danışıq bacarıqlarını inkişaf etdiriblər. Çində tədris ilini müvəffəqiyyətlə başa çatdıran tələbələr hazırda ADU-da təhsillərini davam etdirirlər.

Çinin Şenyan Pedaqoji Universitetində Çin dili ixtisası üzrə təhsil alan tələbələrdən biri də Səmra Hüseynlidir. O, beş min ildən artıq qədim tarixə və mədəniyyətə malik Çin Xalq Respublikasının dilini öyrənməyə uşaq yaşlarından bəri marağı olduğunu bildirib. Qeyd edib ki, Bolonya sisteminin tətbiq olunduğu Şenyan Pedaqoji Universitetində tələbə həyatı çox maraqlı keçib. O deyib: “Dil biliklərimizi daha da inkişaf etdirmək üçün çinli dostlarımız ilə vaxtaşırı görüşürdük. Üç saatadək davam edən dərslərdə dinləmə, danışıq və əsas dərs (qrammatika və söz ehtiyatı) tədris olunurdu. Çinin mədəniyyətini də əlavə fənn olaraq daha yaxından öyrənirdik”.

Çində olduğu müddətdə bir çox tarixi yerlərdə olduğunu söyləyən S.Hüseynli bu ölkədə bir sıra tədbirlərdə də iştirak etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Çində yaşamaq, təhsil almaq onun dünyagörüşünün formalaşmasına, o cümlədən dil biliyinin inkişaf etməsinə müsbət təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.