MƏDƏNİYYƏT
Azərbaycanlı tələbələr Pekində beynəlxalq mədəniyyət festivalında iştirak ediblər VİDEO
Pekin, 30 aprel, AZƏRTAC
Pekində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.
Müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq və ali təhsilin qloballaşdırılmasını təşviq etmək məqsədi daşıyan festivalın açılışında çıxış edənlər bu cür tədbirlərin fərqli mədəniyyətlərin qarşılıqlı anlaşmasını yaxşılaşdırmağa xidmət etdiyini bildiriblər.
Pekindəki Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində təşkil olunan festival çərçivəsində Çində təhsil alan digər millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlı tələbələr ölkəmizə aid xüsusi stend hazırlayıblar. Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə tələbələrimiz ölkəmizin zəngin mədəniyyətini nümayiş və təbliğ ediblər. Milli stendimizdə Azərbaycanın tarixinə, mədəniyyətinə, turizm imkanlarına, memarlıq abidələrinə, ölkənin müasir inkişafına dair fotoşəkillər, kitab və jurnallar, milli geyimlər, əl işləri nümayiş etdirilib.
Pekindəki diplomatik korpusun təmsilçilərinin və Pekin ictimaiyyətinin də böyük maraq göstərdiyi festivalda tələbələrimiz milli rəqslərimizi ifa ediblər. Stendi ziyarət edənlərə Azərbaycan mətbəxinin nümunələrini təklif olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin