ELM VƏ TƏHSİL
Azərbaycanlı tələbələr Tbilisidə keçirilən beynəlxalq proqramlaşdırma müsabiqəsində iştirak edirlər
Tbilisi, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Tbilisi Texniki Universitetində Cənubi Qafqaz ölkələri tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi başlayıb. Müsabiqədə bir neçə ölkənin, o cümlədən Azərbaycanın 6 ali təhsil müəssisəsinin tələbələri iştirak edirlər. İki gün ərzində tələbələr proqramlaşdırma üzrə bilik və bacarıqlarını sınayacaqlar. Qaliblər 2017-ci ildə ABŞ-da keçiriləcək finala vəsiqə qazanacaqlar.
Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Natiq Əhmədov jurnalistlərə müsahibəsində deyib ki, müsabiqələrin keçirilməsində məqsəd proqramlaşdırma sahəsində yenilikləri, qarşıda duran müasir tələbləri öyrənmək, onların həlli yollarını tapmaq, əməkdaşlıq əlaqələri qurmaqdır. Müsabiqənin dörddəbir mərhələsi hər bir ölkənin öz daxilində təşkil olunur. Bu mərhələdə Azərbaycanın 6 komandası – Bakı Dövlət, ADA, Qafqaz, Azərbaycan Texniki, Azərbaycan Dövlət Neft və Sənaye və Azərbaycan universitetlərinin komandaları yarımfinala vəsiqə qazanıblar.
N.Əhmədov bildirib ki, müsabiqədə iştirak tələbələrin bir-biriləri ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Müsabiqənin direktoru, Gürcüstan Texniki Universitetinin professoru Teodor Zarkuya qeyd edib ki, bu cür tədbirlər Cənubi Qafqaz ölkələrinin və digər dövlətlərin elm ocaqları, eləcə də tələbələri arasında münasibətlərin qurulmasında və inkişafında mühüm rol oynayır.
Müsabiqənin yarımfinal mərhələsinə dekabrın 6-da yekun vurulacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi