ELM VƏ TƏHSİL
Azərbaycanlı tələbələr qızıl medal qazanıblar
Bakı, 27 aprel, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatının final mərhələsi keçirilib.
Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyada innovativ layihələrini təqdim edərək hədiyyə fondu uğrunda mübarizə aparıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə ilk dəfə iştirak edən azərbaycanlı tələbələr altı nominasiya üzrə layihələrini təqdim ediblər. Onlar yarışda iki qızıl və iki bürünc medal qazanıblar. Qaliblərdən biri altı aydır fəaliyyətdə olan IT Step Akademiyasının tələbəsidir.
“WEB Design” nominasiyası üzrə birinci yerin qalibləri Elvin Cuvarov, Orxan Qədirov (“E-Tap” komandası), “Character Design” nominasiyası üzrə birinci yerin qalibi Vaqif Rüstəmov, “Startup Challenge” nominasiyası üzrə üçüncü yerin qalibləri Əsəd Yusubov, Nicat Cavadov (“JavaSet” komandası), “Internet of Things” nominasiyası üzrə üçüncü yerin qalibləri Tural Səlimli, Məmməd Kərimli və Fəhmin Zakirli (“Savefy” komandası) olublar.
Müsabiqə Azərbaycanın və Ukraynanın Təhsil nazirliklərinin, Kiyev Şəhər Administrasiyasının dəstəyi ilə keçirilib. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndiriblər.
Doqquz ildir keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata 24 min iştirakçının altı mindən çox işi təqdim olunub. Bu il isə çempionata 10 mindən artıq iştirakçı layihə təqdim edib.
Qeyd edək ki, IT STEP Akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada üç ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Ötən il Bakıda fəaliyyətə başlayan akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət dörd ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərir.