ELM VƏ TƏHSİL
Azərbaycanlı torpaqşünas alimlər koreyalı həmkarları ilə əməkdaşlıq edəcəklər
Bakı, 22 sentyabr, AZƏRTAC
Koreya Respublikası Seul Milli Universitetinin professoru Hee-Myong Ro və doktor Junho Han Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda xarici alimlər “Koreya və Azərbaycan arasında torpaqların duzlardan təmizlənməsi sahəsində ikitərəfli əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbirdə akademik Qərib Məmmədov iki ölkə arasında torpaqşünaslıq sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. Bu əlaqələrin qurulmasında göstərilən köməyə görə AMEA-nın rəhbərliyinə və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasına təşəkkürünü bildirib.
Professor Hee-Myong Ro ölkələrimiz arasında torpaqşünaslıq sahəsində əməkdaşlıqdan danışıb. Qeyd edilib ki, torpaqların bərpa olunması çox uzunmüddətli prosesdir. Bu müddət ərzində biz Azərbaycan torpaqlarını daha yaxşı tanıyacağıq.Torpaqlarda şorlaşma prosesinin qarşısını almaq məqsədilə birgə elmi-texniki tədqiqat işlərinin aparılması aktualdır və böyük əhəmiyyət daşıyır.
Sonra qonaqlar institutun maddi-texniki bazası və alimlərin elmi fəaliyyəti ilə tanış olublar.