ELM VƏ TƏHSİL
Azərbaycanlı və belarus tələbələr telekörpüdə görüşüblər
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Bakı Slavyan Universitetinin (BSU) Belarus dili və mədəniyyəti mərkəzi ilə M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetindəki (BDPU) Azərbaycan dili və mədəniyyəti mərkəzi arasında telekörpü yaradılıb.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi əsasında qurulan telekörpüdə bu ali məktəbin Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidova bu qurumun fəaliyyətindən söz açıb. Qeyd edilib ki, mərkəzin 2010-cu ildə keçirilən təntənəli açılış mərasimində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak edib. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarus respublikaları arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə gənclərin marağını artırmaqdır.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov bu görüşü Azərbaycan ilə Belarus arasında qurulan dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirib. Prorektor iki ali məktəb arasında tələbə mübadiləsi, BSU-da belarus dili üzrə kadr hazırlığı barədə məlumat verib. Belə görüşlərin əməkdaşlığın yüksək səviyyədə inkişafına daha möhkəm zəmin yaratdığını vurğulayıb.
BDPU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Salatın Mirzəyeva mərkəzin 2009-cu ildə BSU tərəfindən yaradıldığını deyib. O, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizin ənənələri və tarixinin təbliği istiqamətində BDPU-da görülən işlərdən söz açıb, həmvətənlərini görməkdən məmnunluğunu bildirib.
BDPU-nun beynəlxalq əlaqələri idarəetmə şöbəsinin müdiri Svetlana Kobaçevskaya, filologiya fakültəsi dekanının tədris üzrə müavini Yelena Jiganova belarus tələblərin Azərbaycan dili və mədəniyyətinə, adət-ənənələrinə böyük marağından danışıblar.
Sonra BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının əməkdaşı Mayya Səfərəliyeva, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Viktoriya Fokena Azərbaycanda hökm sürən tolerant mühit və multikultural dəyərlərin əhəmiyyətindən söz açıblar. BDPU-nun tələbəsi Leyla Məhərrəmovanın “Azərbaycan multikulturalizm tarixi” mövzusunda məruzəsi dinlənilib.
Telekörpü vasitəsilə hər iki ali məktəbin tələbələrini maraqlandıran suallar cavablandırılıb. BSU-nun tələbələri Viktoriya Uxvatova və Yelizaveta Silakovanın ifasında belarus dilində şeir və mahnı səsləndirilib. BDPU-nun tələbəsi İlona Sapronoviç B.Vahabzadənin “Mənim anam” şeirini Azərbaycan dilində söyləyib.
Görüşün sonunda BDPU-nun tələbələri “Uzundərə” rəqsini telekörpü vasitəsi ilə nümayiş etdiriblər. Milli rəqsimizin belarus tələblər tərəfindən bu cür məharətlə nümayişi alqışlarla qarşılanıb.