MƏDƏNİYYƏT


Azərbaycanlı xoreoqraflar Avropanın ən böyük rəqs festivalında iştirak edirlər VİDEO

Vyana, 14 iyul, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Avstriyanın tanınmış “İmPulsTanz” beynəlxalq rəqs festivalının təqaüd proqramının açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Mərkəzin rəhbəri Leyla Qasımova güclü ənənələrə və nüfuza malik “İmPulsTanz” festivalı və Azərbaycan Mədəniyyət Mərkəzi arasında tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib. Diqqətə çatdırılıb ki, ilk dəfə olaraq Azərbaycan xoreoqrafları bu festivala qatılacaq, təqaüd proqramı, ustad dərsləri və simpoziumda iştirak edəcəklər.

Azərbaycandan festivala dəvət olunan xoreoqrafları təqdim edən L.Qasımova Sabina Məmmədovanın festival rəhbərliyi tərəfindən beş həftəlik “danceWEB” təqaüd proqramında iştiraka layiq görüldüyünü, digər xoreoqraflar Leyli Mişina, Baira Babayeva və Ruslan Tolmaçevin festival çərçivəsində simpoziumlarda iştirak edəcəklərini bildirib.

Sonra festivalın intendantı Karls Reqensburqer və prezidenti Manfred Forstenlehner çıxış ediblər. Onlar festivalın təqaüd proqramının açılış mərasiminə ev sahibliyi etdiyinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür ediblər. Bildirilib ki, “İmPulsTanz” festivalının mühüm tərkib hissəsinə çevrilən “danceWEB” təqaüd proqramı ötən əsrin 90-cı illərində təsis olunub və bu il dünyanın 40 ölkəsindən 65 gənc xoreoqraf proqramda iştirak edəcək. Müasir rəqs və perfomans üzrə yeni biliklər və texniki imkanların tədris olunduğu təqaüd proqramı gənc xoreoqraf və rəqqaslara beynəlxalq səviyyədə tanınmış xoreoqrafların rəhbərliyi ilə aparılan vorkşoplarda iştirak etmək, ünsiyyət qurmaq və professional səhnə imkanlarını genişləndirmək üçün geniş şərait yaradacaq. 1996-cı ildən bəri dünyanın 87 ölkəsindən 1100-dən artıq təqaüdçünün qatıldığı proqram gənc xoreoqraflara sənətin incəliklərinə yiyələnməkdə böyük dəstək olub.

Bədii hissədə gənc azərbaycanlı xoreoqraf Sabina Məmmədova tədbir iştirakçılarına maraqlı səhnə perfomansı təqdim edib.

Avropanın ən böyük müasir rəqs və perfomans festivalı “İmPulsTanz” Vyana şəhərində ondan artıq məkanda avqustun 13-dək davam edəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.