QAN YADDAŞI
Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətində (DSX) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin Aparatında keçirilən anım mərasiminin iştirakçıları əvvəlcə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olublar.
Tədbirin rəsmi hissəsi soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov tədbirdə çıxış edərək vurğulayıb ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olub.
Tədbirdə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilib.
Mərasim soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.
Tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidməti Aparatının və Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda fəaliyyət göstərən Soyqırımı Muzeyini ziyarət edib.