QAN YADDAŞI
Azərbaycanlıların Soyqırımı Gününün qeyd olunması tarixi yaddaşımıza işıq salır, xalqın vətənpərvərlik ruhunun formalaşmasında əvəzsiz rol oynayır
Sumqayıt, 1 aprel (AZƏRTAC). “Azərikimya” İstehsalat Birliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş tədbir keçirilmişdir.
Birliyin mətbuat xidmətindən AZƏRTACa verilən məlumata görə, şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbiri “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev giriş sözü ilə açmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı azərbaycanlıların soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış etmiş, iştirakçıların bir sıra suallarını cavablandırmışdır. Məlumat verilmişdir ki, 1918-ci ilin martında əsasən ermənilərdən təşkil olunan 10-12 min nəfərlik “Qırmızı qvardiya” ordusu bolşeviklərlə birləşərək sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişdilər. Martın 30-dan aprelin 2-dək üç gün ərzində qatı şovinist Stepan Şaumyanın rəhbərlik etdiyi terror dəstələri Bakıda və Bakı ətrafında 30 minə yaxın günahsız soydaşımızı xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirmişdilər. Eyni zamanda Zəngəzur, Şamaxı, Quba, Lənkəran qəzalarında, həmçinin İrəvan quberniyasında 100 minlərlə azərbaycanlı amansız soyqırımına məruz qalmış, Azərbaycanın yüzlərlə şəhər və kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları tərəfindən ümumilikdə 700 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü.
Tədbirdə qeyd olunmuşdur ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımlarına və digər bəşəri cinayətlərə əsl hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında” 1997-ci il 18 dekabr və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanları ilə verilmişdir. Hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması tarixi yaddaşımıza işıq salır, xalqın milli oyanış və vətənpərvərlik ruhunun formalaşmasında əvəzsiz rol oynayır.
Bununla belə, Prezident İlham Əliyevin dediyi kimi, “bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik”. Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımları ilə bağlı bugünkü və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.
Tədbirin sonunda “Soyqırımı” sənədli filmi nümayiş olunmuş, iştirakçılara tarixçi-alim Musa Qasımlının ““Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” kitabı təqdim edilmişdir.