QAN YADDAŞI
Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
AZƏRTAC xəbər verir ki, bu barədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) keçirilən tədbirdə məlumat verilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Xidmət rəisinin birinci müavini Vəli Nağıyevin mart soyqırımı haqqında məruzəsi dinlənilib. O, iki əsrdən artıq müddətdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən söz açıb.
V.Nağıyev bildirib ki, 1918-1920-ci illərdə ermənilər Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda azərbaycanlılara kütləvi şəkildə divan tutub, şəhər və kəndləri yandırıb, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürüblər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan olunub, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilib. On minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, əhali doğma torpaqlarından didərgin salınıb.
Diqqətə çatdırılıb ki, ermənilər tərəfindən törədilmiş hadisələrə ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla siyasi qiymət verilib. Bu Fərman XX əsrdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd olub. Bu, XIX yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.
Daha sonra mart soyqırımından bəhs edən sənədli film nümayiş olunub.