QAN YADDAŞI
“Azərbaycanlıların soyqırımı həqiqətləri: tarix, həqiqət, ədalət” mövzusunda elmi-praktiki konfrans
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanlıların soyqırımı həqiqətləri: tarix, həqiqət, ədalət” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımlarından danışıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün elan edildiyini xatırladıb. Rektor erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması xülyaları, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin ermənilər tərəfindən özününküləşdirilməsi barədə tarixi faktları diqqətə çatdırıb, son illər bu sahədə qiymətli əsərlərin çap olunmasının əhəmiyyətini qeyd edib.
Akademik U.Ələkbərov bildirib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, minlərlə insan öz doğma torpaqlarından didərgin salınılıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha da artırıb.
Elmi-praktik konfransda “1918-ci il soyqırımı”, “Beynəlxalq münasibətlər və xarici siyasət”, “Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin mərhələləri” mövzularında məruzələr dinlənilib.
Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar hazırlanan film nümayiş etdirilib.