QAN YADDAŞI
Azərbaycanlıların soyqırımı iyirminci əsrin ən faciəvi səhifələrindən biridir
Masallı, 29 mart, Bağır Əliyev, AZƏRTAC
Ermənilərin azərbaycanlılara qarşı onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, ayrı-ayrı vaxtlarda irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunub.
AZƏRTAC xəbər verir ki, bu fikir martın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Toplantıda soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb.
Bildirilib ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qırğınlar törədiblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Tədbirdə çıxış edənlər “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb, bu soyqırımı siyasətini pisləyiblər.