QAN YADDAŞI
Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə tarixçi alimlər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və Bakıdakı 39 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Muzeyin aparıcı elmi işçisi Bəhmən Kərimov 1918-ci ilin mart ayında ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışaraq qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov 1905-1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi şəkildə törədilən soyqırımı faktlarını iştirakçıların nəzərinə çatdırıb. O qeyd edib ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılib, mədəniyyət abidələrimiz dağıdılıb, məhv edilib.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov isə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni terrorçuları tərəfindən 30 mindən çox azərbaycanlının qətlə yetirildiyini bildirib.