QAN YADDAŞI
Azərbaycanlıların soyqırımına dair yeni kitab
Bakı, 30 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində 1918-ci il Azərbaycanın bütün iri şəhərləri və bölgələrində baş vermiş qanlı hadisələri əks etdirən “Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsindən “1918-ci il. Göyçay. Cavad. Ərəş. Azərbaycan qırğınları sənədlərdə” adlı daha bir kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, erməni hərbi birləşmələrinin 1918-ci ilin mart-iyun aylarında Azərbaycanın aran torpaqlarında - Göyçay, Salyan, Ağdaş kimi qəza mərkəzlərində, eləcə də Kürdəmir, Ağsu, Uçar və bölgənin digər qəsəbə və kəndlərində törətdikləri kütləvi qırğınların, yanğın və dağıntıların geniş mənzərəsini əks etdirən bu sənədlər toplusu da həmin silsilənin müəllifi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi tərəfindən nəşrə hazırlanıb.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyul ayının yayında yaratdığı Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən o dövr Göyçay (indiki Göyçay, Kürdəmir, Ağsu, Ucar rayonlarının ərazisi), Cavad (Salyan, Sabirabad, Şirvan, Neftçala, Saatlı, Zərdab) və Ərəş (Ağdaş, Yevlax, Qəbələ) qəzalarının azərbaycanlı əhalisinin üzləşdiyi faciələr haqqında verdiyi şahid ifadələri, dəymiş zərərlər haqqında aktlar və FTK üzvlərinin apardıqları istintaqa dair məruzələrini əhatə edən sənədlər toplanıb. Daşnak S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bir neçə min nəfərlik erməni-bolşevik nizamı ordusunun yerli erməni sakinlərinin dəstəyi ilə Azərbaycanın bölgələrində, o cümlədən adı çəkilən qəzalarda dinc azərbaycanlı əhaliyə, mahiyyət etibarilə siyasətdən uzaq kəndlilərə, qadın, uşaq və qocalara qarşı törətdiyi görünməmiş vəhşilikləri və cinayətləri tam dolğunluğu ilə əks etdirən bu sənədlər erməni siyasi, milli və hərbi qüvvələrinin əsas hədəfinin bütünlükdə Azərbaycan xalqı olduğunu və məhz soyqırımı siyasəti yeritdiyini bir daha sübut edir.
Qeyd olunmalıdır ki, FTK-nın 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarına dair sənədlər respublikada qalmayıb və uzun müddət itirilmiş hesab olunub. FTK materiallarını nəşrə hazırlamaqla yanaşı, əldə olmayan sənədlərin axtarışı ilə məşğul olan tarixçi alim Solmaz Rüstəmova-Tohidi Komissiyanın 1918-ci il hadisələrinə dair çəkdiyi 102 fotoşəkil ilə bərabər, Azərbaycanın bu iki qəzasının sənədlərini də Fransada, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun arxivində aşkar edib və geniş ictimaiyyətə çatdırıb.
Kitaba, həmçinin Solmaz Rüstəmova-Tohidinin həmin sənədlər əsasında yazdığı müfəssəl tarixi oçerk və geniş məlumat-informasiya bloku, o dövrün xəritələri, fotoşəkillər də daxıl edilib.