İQTİSADİYYAT
“Azercell” “Instagram” sosial şəbəkəsi istifadəçiləri üçün sərgiyə dəstək vermişdir
Bakı, 16 aprel (AZƏRTAC). Bakıda “Instagram” sosial şəbəkəsi istifadəçiləri üçün sərgi keçirilmişdir.
“Azercell Telekom” MMC baş sponsorluğu ilə təşkil edilən bu tədbirdə yalnız “Instagram”a yüklənilən şəkillər nümayiş etdirilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, sərgi iştirakçıları müxtəlif mövzulara həsr etdikləri fotoşəkilləri əvvəlcədən özlərinin “Instagram” hesablarına yükləmişlər. İştirakçılar, həmçinin sərginin xüsusi informativ posterini öz hesablarında bölüşmüşlər. Şəxsi şəkillər üçün sərgi məkanının 2-ci mərtəbəsində xüsusi otaq ayrılmışdır.
Sərgidən əvvəl “Azercell” iştirakçılar arasında "I love Azercell" (“Mən “Azercell”i sevirəm”) mövzusunda müsabiqə elan etmişdi. İştirakçılar bu mövzuda çəkdikləri şəkilləri #ILoveAzercell açar sözü ilə “Instagram” hesabına yükləmişlər. “Instagram” bazasında #ILoveAzercell açar sözlü ən çox bəyənilmiş üç “Instagram” şəklindən biri münsiflər heyəti tərəfindən seçilərək qalib hesab olunmuşdur.
Sərgi ilə bağlı ətraflı məlumat [email protected] ünvanında yerləşdirilmişdir.