İQTİSADİYYAT
“Azercell” abunəçiləri daha 12 ölkədə vahid rouminq tariflərindən yararlana bilərlər
Bakı, 26 oktyabr, AZƏRTAC
“Azercell Telekom” rouminqdə olan abunəçiləri üçün daha sərfəli danışıq təklif edir. Həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt abunəçiləri daha 12 ölkədə vahid rouminq tariflərindən yararlana bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, indi Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Hollandiya, Makedoniya, Malta, Slovakiya, Sloveniya kimi ölkələrdə “Azercell”lilər daxil olan zəngin 1 dəqiqəsinə 0,32 AZN, bütün istiqamətlərə edilən zəngin 1 dəqiqəsinə görə isə 1,5 AZN ödəyəcəklər. Göndərilən 1 SMS-in qiyməti isə 0,2 AZN dəyərində müəyyən olunub. Qeyd edək ki, “Azercell”in təqdim etdiyi vahid rouminq tariflərindən 30 ölkədə yararlanmaq olar.
Mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür.
Rouminqdə olan “Azercell” fakturalı və fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. “Azercell”, həmçinin fakturalı xətt abunəçilərinə rouminq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün “Azercell” abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rouminq xidmətlərini aktiv edə bilirlər. “SimSim” abunəçilərinə rouminq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.