İQTİSADİYYAT
“Azercell” internet paketlərindən istifadəni rahatlaşdırıb
Bakı, 9 avqust, AZƏRTAC
“Azercell Telekom” tərəfindən təqdim olunan yeni xidmət sayəsində abunəçilər üçün internet paketlərindən istifadə daha da rahatlaşıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, internet paketi bitən zaman abunəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək. Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək: mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə).
Bu xidmətin üstünlüyü ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac qalmır. Abunəçi internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirir.
“Azercell” son bir il ərzində mobil internet paketlərində 55 faizədək endirimlər edib. Bununla yanaşı, “Azercell” şəbəkəsindən ötürülən məlumatın həcmi əvvəlki illərlə müqayisədə 35 faiz artıb. Hazırda “Azercell”in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox mobil internet istifadə edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə, ölkədə mobil internetdən istifadəni daha əlverişli edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.