CƏMİYYƏT
“Azercell” növbəti “Tələbə Təqaüdü Proqramı”na başlayır
Bakı, 1 oktyabr, AZƏRTAC
“Azercell Telekom” MMC 2016-2017 tədris ili üçün növbəti “Tələbə təqaüdü proqramı”na başlayır. Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər bu proqrama müraciət edə bilərlər. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
“Tələbə təqaüdü proqramı”na müraciət etmək üçün şirkətin rəsmi veb-səhifəsinə (www.azercell.jobs) daxil olmaq lazımdır. “Tələbə təqaüdü proqramı"na Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir.
Qeyd edək ki, müraciətlər oktyabrın 31-dək qəbul olunacaq.